Home Manşet YAP Nizami rayon təşkilatının videokonfrans formatında hesabat iclası keçirilib

YAP Nizami rayon təşkilatının videokonfrans formatında hesabat iclası keçirilib

307
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat iclası keçirilib.

İclası giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva geniş hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, ötən il parlament seçkilərində yüksək aktivlik nümayiş etdirən rayon təşkilatının fəalları COVİD-19 pandemiyası ilə əlaqədar “Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə rayon ərazisində ahıl, imkansız və ehtiyacı olan 150 ailəyə gigiyenik vasitələr, habelə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində 1100 ailəyə ərzaq və digər yardımlar çatdırıb. Eyni zamanda, Yeni Azərbaycan Partiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-dən başladığı birgə sosial aksiya çərçivəsində rayon ərazisində 500-ə qədər ailəyə sosial xidmət göstərilib. Həmçinin, 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təlimat və tapşırıqlarına əsasən “Birlikdə güclüyük” kampaniyası çərçivəsində rayonun şəhid ailələrinə, qazilərinə yardımlar edilib. Eləcə də, Ordumuza yardım göndərilib, Vətən müharibəsində iştirak üçün səfərbərliklə Orduya çağırılmış 350 hərbçinin ailələrinə yardımlar çatdırılıb, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb. Bununla yanaşı, 31 dekabr – Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə rayonun 130 şəhid ailəsinə, 110 qazisinə, ümumilikdə 400 ailəyə ərzaq yardımları verilib.

Sədaqət Vəliyeva qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqəti mərkəzində saxlanılıb. Statistik hesabata görə, hazırda rayon təşkilatı 143 ərazi ilk partiya təşkilatı üzrə 13855 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 6208 nəfəri qadınlar, 6690 nəfəri isə gənclərdir.

Daha sonra müzakirələr aparılıb.

Çıxış edənlərdən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Nizami rayon təşkilatının İH üzvləri Dünyamalı Pənahov, Nadir Eyvazov, rayon Şurasının üzvləri Almaz Əsgərova, Aydın Qurbanov, Vitaliy Kovalyov, rayon təşkilatı Gənclər Birliyi sədrinin müavini Ramil Rüstəmov və başqaları görülən işlərdən danışıb, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

Tədbirdə YAP Nizami rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.