Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir

543
0
SHARE

“Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 1970-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Ermənistan KP MK katibi Dəmirçiyanın etirazlarından sonra layihə dayanmışdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verdiyini söyləyib: “Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra ediləcək. Bu layihənin icra olunması ilə Azərbaycan xalqı 101 il bundan əvvəl əlindən alınmış Zəngəzura qayıdacaq”.

“Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq: “Görünən odur ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik Liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir: “Yəni, Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar. Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır”.