Home Manşet Sədaqət Vəliyeva: Şuşa Bəyannaməsi bölgədə sülhün təminatçısı oldu və regionun yeni geosiyasi...

Sədaqət Vəliyeva: Şuşa Bəyannaməsi bölgədə sülhün təminatçısı oldu və regionun yeni geosiyasi reallığını rəsmiləşdirdi

248
0
SHARE

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannaməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs idi. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə olduğu qədər həm də Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şuşa Bəyannaməsi hər iki ölkə və xalqların maraqlarına xidmət edir: “İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir”.

Sədaqət Vəliyeva əlavə edib ki, Şuşa Bəyannaməsi inteqrasiya prosesləri üçün də hüquqi və mənəvi zəmin yaradır: “Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Reallıq ondan ibarətdir ki, artıq Ermənistan əhalisi və bəzi siyasətçiləri ölkənin bütün problemlərini Qarabağ məsələsi ilə bağlayırlar. Ona görə də, onlar qısa müddətdə bu problemdən qurtulmaq və sosial-iqtisadi, siyasi böhrandan xilas olmaq istəyirlər. Həmçinin, ABŞ Senatındakı 907-ci düzəlişlə bağlı dinləmələrlə əlaqədar erməni cəmiyyətinin gözləntiləri də özünü doğrultmadı. ABŞ prezidenti Co Baydenlə görüşdən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərə gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi. Bununla yanaşı, artıq NATO Türkiyənin timsalında regiona daxil olur, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları tədricən azalır. Erməni toplumu da anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Eləcə də, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək. Belə olan şəraitdə Qarabağda yaşayan ermənilər nə etməlidirlər? Əlbəttə ki, onlar üçün ən optimal variant inkişaf edən Azərbaycan dövlətinə, cəmiyyətinə inteqrasiya etməkdir. Bütün dünya isə Azərbaycanı tolerant və multikultural dövlət kimi tanıyır. Bu günə qədər Azərbaycanda etnik və dini zəmində heç bir konflikt olmayıb. Ermənilər də bunu anlamalı və nəhayət ki doğru yolu seçməlidirlər. Yəni, sülh Ermənistanın yeganə çıxış yoludur. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də bu inteqrasiya üçün əlverişli zəmin yaradır”.