Home Biznes və iqtisadiyyat xəbərləri Partiya sədrləri Prezident İlham Əliyevi təbrik edirlər (YENİLƏNİB)

Partiya sədrləri Prezident İlham Əliyevi təbrik edirlər (YENİLƏNİB)

153
0
SHARE

Azərbaycanın siyasi partiya sədrləri Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubları ünvanlayıblar.

Həmin məktubları təqdim edirik:

Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuzdan:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Altmış – yubiley yaşınız tamam olur. On səkkiz ildir Azərbaycan Respublikasına prezidentlik edirsiniz. Bu illərə qayıdıb yenidən baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub günlərini xatırlayıram. Müharibənin labüdlüyünün və ideyasının müzakirəsini beynəlxalq dairələr qətiyyən yaxın buraxmırdılar. Ancaq Siz bütün bunlara sinə gərərək Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə başa çatdırdınız. Azərbaycanın suveren hüquqlarını bərpa etdiniz. Müharibə illərində, ondan əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik. Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizə qalib ruhunu aşıladınız. Azərbaycan tarixinə və xalqına yeni bir formula gətirdiniz: Qalib Xalq-Qalib Ordu-Qalib Ali Baş Komandan. Ancaq bütün bunların önündə Siz durdunuz. Əgər müharibə əzminiz, qətiyyətiniz olmasaydı, bəlkə də bu müharibə heç başlamazdı, yenə də xeyir-şərdə, künc-bucaqda Vətən və onun dilbər guşəsi Qarabağ haqqında danışacaq, şeirlər, hekayələr, romanlar yazacaq, mahnılar bəstələyəcəkdik. Xalq, xüsusən də gənclər müharibəyə hazır idi və Siz daxili və xarici şəraiti nəzərə alaraq bu nəbzi tutdunuz. Nadir Şahdan sonra Azərbaycan tarixində görünməmiş bir hadisə baş verdi. Sizin komandanlığınız altında tariximizdə görünməmiş bir hadisə baş verdi. Nəinki torpaqlarımız, hətta ruhumuz bütövləşdi və bu gün də davam edir.

Qələbə üçün uzun bir yol gəldiniz, hələ mən demirəm ki, 2003-ci ildən bəri nə qədər çevrilişlərə cəhd olunub, xüsusilə də Qarabağı güzəşt edəcək kimsəni xarici qüvvələr və donorlar hakimiyyətə gətirmək istəyiblər, ölkəiçi qarışıqlıq salmaq üçün cəhd ediblər ki, müharibə əhval-ruhiyyəsi yaddan çıxsın, başımız yalnız özümüzə qarışsın. Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq istəyən qüvvələr çox olub. Amma arzuları gözlərində qaldı. Sizin siyasi iradəniz, qətiyyətiniz Azərbaycanda Suriya, İraq, Liviya variantlarını sıfıra endirdi və xalqın döyüşkən, passionar enerjisini torpaqlarımızın azad edilməsi istiqamətinə yönəltdiniz.

Cənab Prezident, bu gün Siz yaxın hədəfinizə nail olmusunuz. Sırada orta və uzaq hədəflər durur. İnşallah, Azərbaycan xalqının dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər gələcəkdə Azərbaycan xalqının uzunmüddətli strategiyasına çevriləcək.

Sizə xoşbəxtlik arzulayıram. Düşünürəm ki, Siz Azərbaycan xalqının xoş və firavan yaşaması üçün bundan sonra da gücünüzü əsirgəməyəcək, xalqımızı dünyanın indiki siyasi və iqtisadi burulğanından çıxarıb onu düzgün istiqamətə yönəldəcəksiniz.

***

Birlik Partiyasının sədri Xudadat Xudiyevdən:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, ölkəmizin ərazi bütövlüyü və xalqımızın rifahı üçün apardığınız bu haqq mübarizəsində Sizə cansağlığı arzulayırıq.

***

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdən:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezidentim.

Sizi yubiley yaşınız münasibətilə ən xoş arzularımla təbrik edirəm. Bu il həyatınızın ən uğurlu illərindən biri kimi yaddaşlara həkk olacaqdır. Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandanı kimi möhtəşəm fəaliyyətinizin nəticəsi olaraq xalqımız son iki yüz ildə dadmadığı və susadığı Qələbəni daddı, gözüqıpıqlıq və başıaşağılıqdan, yarımçıqlıq kompleksindən qurtuldu. Uğurlarınız bütün xalqımızın ürəyində Sizə əbədi abidə ucaltdı. Müqəddəs savaşımızın 44 günlük isti fazası Sizi hamımız tərəfindən yenidən kəşf etməyimizə vəsilə oldu.

Siyasətçinin yürütdüyü siyasət əslində onun xarakteridir. Bütün təzyiqlərə baxmayaraq milli mənafelərimizi cəsarətlə və hər bir gözlənilən riski gözə alaraq müdafiə etməyiniz, masada, sahədə, informasiya mühitində dövləti ləyaqətlə, mərdliklə təmsil etməyiniz bizlərə qürur hissi yaşatdı.

Mən və rəhbərlik ediyim partiyanın üzvləri, təəssübkeşlərimiz, bizə inananlar müharibədən əvvəl də, müharibə dönəmində də, postmüharibə vaxtı da daim Sizə güvəndik, inandıq, bütün imkanlarımızla yanınızda olduq və yanınızdayıq.

Əlbəttə, bu, Sizin təkcə son bir ildəki fəaliyyətinizin bir qismi ilə bağlı qənaətimizin ifadəsidir. Dövlətə rəhbərlik etdiyiniz bütün dövrlərdə ən müxtəlif çətinliklərə sinə gərdiniz, uğurlar qazandınız.

Yubileyinizi gəncliyinizin ikinci mərhələsi kimi qəbul edir, Sizə həm də şəxsi həyatınızda ata kimi, baba kimi də ən xoş arzularımı çatdırıram. Qarşıdan həm Yeni təqvim ili, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bir daha Sizi yubiley yaşınız və bu bayramlar münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti, milli səadət, uğurlar arzulayıram.

***

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərdən:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham bəy,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, şəxsi və iş həyatınızda uğurlar arzulayıram.

İnanıram ki, dövlət başçısı olaraq yetkin həyatınızın qalan hissəsini də milli məsələ və problemlərimizin həllinə, milli maraqlarımızın tam təmin olunmasına, tam müstəqil, azad, demokratik və rifaha qovuşmuş milli Azərbaycan dövləti quruculuğuna həsr edəcəksiniz.

Bu yolda Tanrı Sizə yar və yardımçı olsun.

***

Vəhdət Partiyasının sədri Tahir Kərimlidən:

Hörmətli xanım Sədr, hörmətli həmkarlar, media nümayəndələri!

Bugün yubileyini qeyd edən Azərbaycan Prezidenti haqda danışmaqdan şərəf duyuram.

Qürurla vətədaşlığını daşıdığımız Azərbaycan regionda, eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazanmış və etibarlı tərəfdaş kimi qəbul edilən bir ölkədir, siyasi sabitlik, tolerantlıq, iqtisadi yüksəliş əldə etdiyimiz ən böyük nailiyyətlərdir. Bu möhtəşəm nəticə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı rassional, uzaqgörən daxii və xarici siyasi kursun sayəsində mümkün olub.

İlham Əliyev prezidentlik dövrünü müxtəlif prizmalardan təhlil etmək olar, lakin MÜZƏFFƏR LİDER statusu onun qazandığı ən ali addır və şəxsiyyətin istənilən təsnifatı bu çərçıvəyə sığmır.

Azərbaycanın yeni tarixində Prezident İlham Əliyev dövlət idarəetmə sisteminə yeni davranış modeli, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Bu dövrü yeni siyasi era kimi dəyərləndirə bilərik. Aparılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanda müsbət mənada fərqli, özünəməxsus milli mədəniyyətimiz və mentalitetimizlə uyğunlaşan dəyər və yaşam tərzi formalaşıb.

Ölkəmiz dünyanın siyasi xəritəsində böyük nüfüz sahibidir. “Mənim sözüm imzam qədər qüvvətlidir” – bəyan edən Prezident İlham Əliyev həm beynəlxalq siyasi müstəvidə, həm də iqtisadi sahədə öz qətiyyəti sayəsində bir sıra mühüm və həlli mürəkkəb layihələrin icrasına nail olub. Regional əhəmiyyətli təşəbbuslər qısa zaman kəsiyində beynəlxalq birliyin dəstəyini qazanaraq, coğrafiyasını genişləndirib.

Gənclər siyasəti Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindən biridir. Cəmiyyətin hərəkətverici qüvvəsi olan gənclərin vətənpərvər ruhda tərbiyə olunması Azərbaycan liderinin dövlət idarəetmə kursunun uğurudur. Prezident İlham Əliyevin arxasınca apardığı gənclik müasir, təhsilli, sağlam, dünyəvi düşüncəli, eyni zamanda mental köklərə bağlıdır. İlham Əliyevin Azərbaycan üçün ən boyük xidməti isə zəfər təfəkkürlü gənc nəslin yetişməsi olacaq. Qalibiyyət qüruru övladlarimizın şüuruna əbədi hopacaq!

Müstəqil Azərbaycanın Zəfər salnaməsini yaratmış müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tarixin bütün sınaqlarından alnı açıq çıxaraq işıqlı gələcəyini təmin edib. Prezident İlham Əliyevin qətiyyəti, praqmatizmi, dövlət idarəçiliyi istedadı ilə qət edəcəyimiz yüksəkliklər bundan sonra da firavan gələcəyimizi təmin edəcək. Bu aydin yolda Müzəffər Liderimizə tükənməz enerji, xalqımızın firavanlığı və məsud gələcəyi naminə fəaliyyətində daha uca zirvələr fəth etməyi arzulayıram!

***

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğludan:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə Azərbaycan Təkamül Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, doğma Azərbaycanımızın daha da inkişafı, tərəqqisi naminə şərəfli vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.

Biz Azərbaycan Təkamül Partiyası olaraq Sizin dövlətimizin inkişafı, çiçəklənməsi, 44 günlük Vətən müharibəsində Qələbəmizin əldə edilməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycanımızın bütün ərazisində dövlət suverenliyimizin de-fakto tam bərqərar olması istiqamətində fəaliyyətinizi dəstəkləyirik. Biz, eləcə də,ölkəmizdə yeni siyasi konfiqurasiya yaradılması, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçirilməsi istiqamətində siyasətinizi və səylərinizi dəstəkləyirik, bu siyasətin ölkəmizin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyinə inanırıq.

Cənab Prezident, Sizi 60 illiyiniz münasibətilə bir daha təbrik edirəm.

***

Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimdən:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edib xoş arzularımızı çatdıraq.

Cənab Prezident, Azərbaycan xalqı qələbə müjdəli 44 günlük Vətən müharibəsi zamanı Sizin əzmkar iradənizi və güclü siyasətinizi bariz şəkildə gördü. 44 gün ərzində Siz demək olar ki, 24 saat dincəlmədən qələbə əzmi ilə müharibəni idarə etdiniz və nəticə möhtəşəm oldu. 30 ilə yaxın müddət ərzində təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ nəhayət ki, öz azadlığına qovuşdu. İşğaldan azad edilən torpaqlarda bu gün erməni minalarından təmizlənən ərazilərdə möhtəşəm quruculuq, abadlıq işləri aparılır. Mənfur düşmənin dağıdıb sökdüyü, məhv etdiyi, xaraba qoyduğu şəhərlər, rayonlar, kəndlər, qəsəbələr, yollar bir-birinin ardınca təmir edilir, tam dəyişilmiş yeni formada gözəlləşir, abadlaşır. Hava limanları, avtovağzallar, dəmir yolu stansiyaları qurulur, açılır, su kanalları, elektrik xətləri, qaz boruları, telefon xətləri, internet çəkilir. Eyni zamanda, məhv edilmiş abidələr bərpa edilir. Bir sözlə, külli miqdarda vəsait hesabına başa gələn bu tikinti-quruculuq işləri məhz Sizin yenilməz iradəniz və fəaliyyətiniz sayəsində həyata keçirilir.

Hörmətli cənab Prezident, həmin ərazilərdən məcburi köçkün düşmüş bir milyondan çox insanın öz doğma yurd-yuvalarına qayıtmaları üçün görülən hazırlıqlar, yaradılan infrastruktur, tikilən məktəblər, yaşayış binaları, zavod və fabriklər həm də oraya qayıdan insanların yaşayış və işlə təminatında öz rolunu oynayacaq.

Müzəffər Ali Baş Komandan, Siz həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid və qazi olan insanları heç vaxt unutmursunuz. Sizin məhz o həssas təbəqəyə göstərdiyiniz diqqət və qayğı Vətən müharibəsi iştirakçılarına olan münasibətinizi göstərir.

Möhtərəm Prezidentimiz, 44 günlük Vətən müharibəsinin Zəfərinin bizə yaşatdığı qürur və sevinc hissi ilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzularımızı bildiririk.

***

Ağ Partiyasının sədri Tural Abbaslıdan:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanda siyasi islahatlar xəttinin hərəkətə gəlməsi və bu məqamda Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün 44 günlük Vətən müharibəsinin başlanması və Zəfərlə bitməsi önəmli tarixi-siyasi hadisələrdir. Bu baxımdan Ağ Partiya olaraq, biz də siyasi mənafelərdən deyil, milli dövlətçilik maraqlarından çıxış etdik. Bütün bunlar yeni siyasi mədəniyyətimizin inkişafı üçün Sizin fəaliyyətinizdə də əsas xətdir. Bu xəttin ümummilli maraqlarımız baxımından davam etməsi üçün Sizə müvəffəqiyyətlər arzu edirik. Eyni zamanda, fürsətdən istifadə edib Sizi 60 illik yubileyiniz münasibətilə öz adımdan və Partiya adından təbrik edirəm.

***

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdan:

– Möhtərəm cənab Prezident.

Qarşıdan hər bir dövlət xadiminin, siyasi liderin həsəd aparacağı hadisələrlə, uğurlarla zəngin olan 60 illik yubileyiniz gəlir. Bu şərəfli ömür Azərbaycan dövlətinin ağır sınaqlardan çıxması, dövlətçiliyimizin qorunması və ağlasığmaz zirvələrə qaldırılması uğrunda mübarizəyə həsr olunub. Dövlətimizin ən ağır günlərində ulu öndər Heydər Əliyevin silahdaşı kimi tariximizdə əbədi yaşayacaq qələbələrdə yaxından iştirak etmiş, ən təhlükəli məqamlarda öz qətiyyətinizlə, cəsarətinizlə ətrafınızdakılara ümid verməyi, ruhlandırmağı bacarmısınız.

Xalqımızın ulu öndər Heydər Əliyevin vəfatı ilə əlaqədar ağır sarsıntılar keçirdiyi günlərdə hakimiyyət yükünü öz üzərinizə götürərək Azərbaycanı yüksək iqtisadi inkişaf səviyyəsinə qaldırmış, bütün dünyanın ciddi böhran yaşadığı dövrlərdə dövlətimizi və xalqımızı qorumağı bacarmısınız.

44 günlük Vətən müharibəsi zamanı bir dünya lideri olaraq hərb və diplomatiya cəbhəsində göstərdiyiniz müdriklik və qətiyyət hələ uzun illər bütün dünyada mütəxəssislər tərəfindən heyranlıqla öyrəniləcək, gələcəkdə bu barədə yazılan əsərlər siyasi liderlərin stolüstü kitabları olacaqdır.

Doğum gününüz mübarək, dəyərli Prezidentim, Sizə möhkəm cansağlığı, Azərbaycan dövləti naminə görəcəyiniz möhtəşəm işlərdə uğurlar arzulayır və bu müqəddəs mübarizədə yanınızda olmaqdan şərəf duyduğumu bilməyinizi xahiş edirəm.

***

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovdan:

– Hörmətli cənab Prezident.

Sizi doğum gününüz, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Bilirəm ki, bu günlərdə Sizə həm öz vətəndaşlarımız tərəfindən, həm də xarici ölkələrin dövlət və hökumət başçıları, tanınmış insanları tərəfindən çoxlu təbrik məktubları ünvanlanmaqdadır. Onlar xalqımızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirlər. Biz də Milli Həmrəylik Partiyası olaraq bütün bu diləklərə, təbriklərə qoşuluruq.

Eyni zamanda, mən bir qazi və partiya sədri kimi bu xoş fürsətdən istifadə edərək, milli həmrəyliyimizin bu günü və gələcəyi ilə bağlı bəzi məqamları Sizin diqqətinizə çatdırmaq istəyirəm. Daha doğrusu, Sizin milli həmrəyliyimizdəki rolunuz və bu istiqamətdə atdığınız addımlara münasibət bildirməyi, dəyərləndirməyi özümə borc bilirəm. Çünki milli birlik və həmrəylik amili dünən olduğu kimi bu gün də, sabah da Vətənimizin taleyində aparıcı xətt olaraq qalmaqda davam edəcək. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz və ona görə də son illərdə bu istiqamətdə bir sıra təqdirəlayiq addımlar atmısınız. Mən onlardan ikisinin üzərində xüsusi dayanmaq istəyirəm.

İlk olaraq toxunmaq istədiyim məsələ siyasi dialoq və yeni siyasi konfiqurasiya ilə bağlıdır. Sizin siyasi sahədə başladığınız islahatlar ölkədə yeni siyasi reallıqlar yaratdı və siyasi partiyaların fəaliyyətində həqiqətən də böyük bir canlanmaya yol açdı. Hazırda da partiyalarla bağlı aktivlik davam edir. Dövlətin partiyalarla bağlı siyasətinin həyata keçirilməsi və siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi məqsədilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, siyasi partiya liderləri ilə müntəzəm görüşlərin keçirilməsi, partiyaların mənzil-qərargahlarla təmin edilməsi, bəzi partiyaların qeydiyyat məsələlərinin operativ şəkildə həll edilməsi, parlamentdə müxalif partiya təmsilçilərinin rəhbər vəzifələrə gətirilməsi, partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi, eləcə də partiya liderləri ilə onlayn formatda birgə müzakirələrin keçirilməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması və siyasi partiyalarla dialoq mühitinin genişləndirilməsi müstəvisində atılmış mühüm addımlardır.

Əlbəttə, bu istiqamətdə görüləsi işlər çoxdur, proseslər hələ bitməyib və biz bu yöndə proseslərin davam etdiyini bilirik. İqtidarın siyasi partiyalarla bağlı xoşməramlı addımları davam etdirmək niyyətindən xəbərimiz var. Sevindirici haldır ki, siyasi müstəvidə yeniləşmə və islahat istiqamətləri kifayət qədər səmərəli və düzgün müəyyən edilib. Odur ki, biz görülmüş işlərin, davam edən siyasi dialoq prosesinin yekununun müsbət olacağına inanırıq. Hamımız məhz bunun üçün çalışmalıyıq. Çünki yeni siyasi konfiqurasiyanın formalaşması və siyasi dialoq istiqamətində atılan bütün addımlar ölkəmizin ümumi mənafeyinə, milli birliyin təşəkkülünə xidmət edir. Bu prosesdə iqtidarla bərabər, siyasi partiyaların da üzərinə böyük məsuliyyət düşür. Hesab edirik ki, bu proses bundan sonra da davam etdirilməli və genişləndirilməlidir. Milli birlik prosesinə siyasi partiyalar da öz töhfəsini verməlidir. Biz Milli Həmrəylik Partiyası olaraq Sizin siyasi dialoq və milli birlik istiqamətində indiyə qədər atdığınız bütün addımları dəstəkləmişik və bundan sonra da dəstəkləməyə davam edəcəyik.

Sizin milli birliyimizə xidmət edən, həmrəyliyimizi daha da gücləndirən növbəti böyük uğurunuz isə 44 günlük Vətən müharibəsində üzə çıxdı, diqqəti cəlb etdi. Həmin günlərdə Siz bütün xalqı və siyasi qüvvələri bir araya gətirməyi, hamımızı Ordumuzun və dövlətimizin ətrafında vahid güc kimi, “Dəmir yumruq” kimi sıx birləşdirməyi bacardınız. Siz bu birliyə, bu böyük gücə söykənərək irəli getdiniz, Vətənimizin maraq və mənafelərini ləyaqətlə qorudunuz, Müzəffər Ali Baş Komandan kimi şanlı Ordumuzun Qarabağımızı düşmən işğalından azad etməsi əməliyyatlarına uğurla rəhbərlik etdiniz, möhtəşəm Zəfərə imza atdınız. O müqəddəs savaş günlərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti ümummilli mövqedən çıxış edərək Sizin ətrafınızda, Ordumuzun ətrafında sıx birləşdi, əsl milli həmrəylik nümunəsi nümayiş etdirdi. Bu gün də biz Sizin yanınızdayıq. Düzdür, son bir il ərzində mövqeyini dəyişən, milli birlik xəttindən uzaqlaşan, populizmə meyillənən partiyalar da var. Ancaq onların mövqeyi onsuz da heç nəyi həll etmir. Çoxluq əvvəlki kimi yenə də Sizin yanınızdadır. Biz milli birlik naminə öz siyasi iradəmizi ortaya qoymuşuq.

Bu gün milli birliyimizin qorunub saxlanması, həmrəylik ruhumuzun daha da gücləndirilməsi istiqamətində daha çox iş görməliyik. Çünki biz artıq qalib dövlət, qalib xalqıq. Siyasi qüvvələr də məhz bu yeni şəraitə, qələbə gerçəkliyinə uyğun siyasət yürütməlidirlər. İkinci Qarabağ müharibəsində qazandığımız böyük Zəfər indi məsuliyyət hissimizi ikiqat artırıb. Hazırkı reallıq bizdən yeni davranışlar və yeni yanaşmalar tələb edir. Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad edən ölkənin iqtidarı da, siyasi qüvvələri də sonrakı davranışlarını milli barış müstəvisində formalaşdırmalıdır. Bunun üçün Sizin bir ölkə rəhbəri kimi olduqca geniş potensialınız var. Çünki Siz bu müharibə günlərində əsl milli həmrəylik simvoluna çevrilmişdiniz. Qalib Ordunun qalib Ali Baş Komandam kimi bu gün də cəmiyyətdə Sizə qarşı böyük bir rəğbət və inam hissi müşahidə edilməkdədir. Qeyd etməliyəm ki, milli birliyimizin davam etdirilməsi üçün bu rəğbət, bu inam hissi çox vacib komponentdir, mühüm amildir.

Vətən müharibəsi günlərində biz hamımız birlikdə tarixi sınaqdan şərəflə çıxdıq, Zəfərə imza atdıq. İndi bizim qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, yenidən qurulması istiqamətində mühüm vəzifələr dayanır. Siz bu sahədə də böyük işlər görürsünüz. Böyük Qayıdışımız üçün zəmin yaradırsınız. Eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına nail olmaq üçün, Zəngəzur dəhlizinin açılması üçün, Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq müstəvidə misilsiz diplomatik səylər göstərir, milli maraqlarımızı qorumaq üçün qətiyyətlə mübarizə aparırsınız. Biz bütün bunları görürük, prosesləri diqqətlə izləyirik və yüksək qiymətləndiririk. Siz bütün sahələrdə böyük yeniliklər, sürətli inkişaf yoluna çıxmış bir ölkənin lideri kimi siyasi qüvvələrimizin əksəriyyəti tərəfindən dəstəklənirsiniz. Biz də Milli Həmrəylik Partiyası olaraq hər zaman Sizin yanınızdayıq, cənab Prezident! Milli barışa, milli birliyə, milli həmrəyliyə xidmət edən addımlarınızı daim təbliğ edirik. Vətən və xalq naminə görülən hər bir işi dəstəkləmək mənəvi borcumuz, milli vəzifəmizdir!

Qarşıdan gələn əlamətdar günlər münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, doğum gününüz münasibətilə Sizə həm öz adımdan, həm də partiya üzvlərimiz adından möhkəm cansağlığı və xoş günlər diləyir, ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Uğurlar, cənab Prezident.

***

Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovdan:

– Cənab Prezident,

Sizi anadan olmağınızın 60 illiyi münasibətilə öz adımdan, həmçinin rəhbərlik etdiyim Azərbaycan Respublikaçılar Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Möhtərəm Prezident, Siz Azərbaycan xalqına verdiyiniz vədləri milli maraqlara söykənərək bütünlüklə yerinə yetirmisiniz. Ölkəmizdə bütün sahələrdə sürətli və dayanıqlı inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Siz Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirmisiniz. Fəaliyyətiniz və davranışınız ilə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi nümayiş etdirirsiniz.

İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən, Sizin nümayiş etdirdiyiniz yüksək peşəkarlıq və xalqa arxalanmaq siyasətiniz Azərbaycanda yaşanan ümumxalq birliyinin əsas səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses, cənab Prezident, Sizin rəhbərliyiniz altında əzmlə davam etdirilir.

Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. Sizin tapşırığınız əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir. Siyasi partiyaların Sizə dəstək ifadə edən birgə bəyanat və müraciətləri həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edən ümumxalq birliyinin təcəssümüdür.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Silahlı Qüvvələri Sizin rəhbərliyiniz altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Sizin Zəfər zirvənizdir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımızı müzəffər etdiniz.

Gələcəyə xidmət edən strategiyanız sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilib. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır.

Hörmətli Prezident, xalqımız ona görə xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev özünün qurub-yaratdığı müstəqil Azərbaycanın taleyini öz məktəbinin layiqli davamçısı olan Sizə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 18 ildir ki, ləyaqətlə davam etdirərək dövlətçilik bacarığınız və rəhbərlik qabiliyyətiniz sayəsində müstəqil Azərbaycanı daha möhtəşəm gələcəyə doğra inamla addımladırsınız.

Cənab Prezident, Sizi ad gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, dövlətimizin daha da inkişafı, xalqımızın firavan həyatı naminə şərəfli fəaliyyətinizdə tükənməz enerji və bol-bol uğurlar arzulayıram.

***

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdan:

– Hörmətli Cənab Prezident.

Ölkə başçısı olmaq ailə başçısı olmaq kimidir. Fərq bundadır ki, Siz 10 milyonluq böyük Azərbaycan ailəsinə başçılıq edirsiniz, həm də şərəf və ləyaqətlə.

Azərbaycan Respublikasının prezidentliyinə çətin bir vaxtda seçilmişdiniz. Ümummilli lider Heydər Əliyevin müdrik neft siyasətindən sonra ölkə iqtisadiyyatı yeni-yeni dirçəlməyə başlasa da, torpaqlarımızın 20 faizi düşmən işğalı altında idi.

Bir milyon köçkün yersiz, yurdsuz, dözülməz şəraitdə yaşayırdı. Bir yandan da Heydər Əliyev kimi nəhəng bir siyasətçidən sonra onun yolunu davam etdirmək məsuliyyətli bir iş idi… Lakin bu çətinliklər Sizi qorxutmadı. Çiyninizi ürəklə bu ağır yükün altına verdiniz, Azərbaycanın gələcəyi ilə bağlı atanızın arzularını səbir, təmkin və cəsarətlə reallaşdırmağa başladınız. Gördüyünüz işlərin miqyasını təsəvvür etmək üçün Azərbaycanın Şərqə və Qərbə açılan yollarını, enerji magistrallarını, bütün ölkə boyu tikilən yeni qaçqın şəhərciklərini, məktəb, xəstəxana və idman qurğularını, müasir tələblərə cavab verən yolları, rayonlarımızın və kəndlərimizin abad simasını xatırlamaq kifayətdir.

2020-ci ilin Vətən Müharibəsi və erməni faşizmi üzərində Qələbə bu quruculuq və yüksəlişin parlaq nəticəsi oldu və müzəffər Ali Baş Komandan kimi Sizin adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Əziz İlham Heydər oğlu, Azərbaycan xalqının çoxəsrlik tarixinə yeni bir şərəf qazandıran Zəfər Gününün müəllifi, 30 illik Vətən həsrətinə, nisgilinə son qoyan savaşın qəhrəman və qalib Ali Baş Komandanı olaraq Siz həm Azərbaycan xalqının, həm də bizi sevənlərin ürəyində özünüzə heykəl ucaltmısınız.

Məhz Sizin rəhbərliyinizlə yaradılan güclü ordumuz düşmənin 30 ildə qurduğu istehkamları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Bu qürurlu tarixin sevincini bizə yaşatdığınıza, eyni zamanda, ölkə daxilində milli birliyi gücləndirmək üçün yaratdığınız dialoq mühitinə görə Sizə sonsuz minnətdaram. “Dəmir yumruğunuz” həmişə var olsun. Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və ordumuzun əzmkarlığı sayəsində üçrəngli bayrağımız Şuşada dalğalandığı kimi, tezliklə Xankəndi şəhərində də dalğalanacaq, regiona əbədi sülh və əmin-amanlıq gələcəkdir. Qarabağda gördüyünüz işlər ürəyimizdə belə bir əminlik yaradıb ki, Siz tez bir zamanda Qarabağı Azərbaycanın bir cənnət bölgəsinə çevirəcəksiniz. Həm müharibə dövründə, həm də ondan sonrakı müddət ərzində dünya mətbuatına verdiyiniz müsahibələr və açıqlamalar Sizin ölkə başçıları arasında müdrik və qətiyyətli lider olduğunuzu bir daha sübut etdi. Qoşulmama Hərəkatına başçılıq etdiyiniz dövrda atdığınız addımlar, Türk Dövlətləri Təşkilatının yaranmasında oynadığınız rol, eyni zamanda, Brüsseldə keçirilən son görüşlər Sizin yürütdüyünüz diplomatik siyasətin parlaq nümayişi olmaqla, öz ad gününüzə gözəl hədiyyə sayıla bilər.

Sizi yubiley yaşınız münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və millətimizin gələcəyi naminə Uca Tanrıdan Sizə, çox hörmətli Mehriban xanıma və ailənizin digər üzvlərinə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

***

“Yeni Zaman” partiyasının sədri Musa Ağayevdən:

– Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.

Cənab Prezident, Siz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı 30 illik işğaldan azad edən Ali Baş Komandan kimi tariximizə düşmüsünüz. Sizin Qarabağın azad edilməsində göstərdiyiniz fədakarlığı onun yenidən qurulmasında və çiçəklənməsində də davam etdirdiyinizi görürük.

Sizə Azərbaycan naminə bundan sonra da görəcəyiniz işlərinizdə uğurlar arzulayıram.

Hörmətli Prezident, Sizin ölkəmizdə bütün sahələrdə başladığınız islahatların bundan sonra da uğurla davam edəcəyinə ümid edirik.

***

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan:

– Möhtərəm cənab Prezident.

Sizi – Şərqin, türk dünyasının, doğma Vətənimiz Azərbaycanın qürur mənbəyini, Qarabağın xilaskarını, Şuşa qalasının fatehini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, şərəfli tarixi missiyanızda yen-yeni zirvələr və uzun ömür arzulayıram.

Bir il bundan öncə “Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq!” nidası ilə Vətən müharibəsinə başladınız. 200 ilin Vətən parçalanmasına və 30 ilin işğalına 44 gündə son qoydunuz. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin iradəsi, şəhidlərimizin al qanı ilə tarix yazdınız. “Öldü var, döndü yoxdur” deyib, tarix içərisində tarix yaratdınız. Bütün dünyaya sübut etdiniz ki, burada, Cənubi Qafqazda qüdrətli xalqın yaratdığı dövlət var: Odlar Yurdu Azərbaycan.

Bu gün Azərbaycan bayrağı “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. O, torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz ora qayıdacağıq. Mütləq qayıdacağıq” çağırışı ilə tarix yaradan XXI yüzilliyin şəriksiz liderinin – Sizin iradənizlə Murovun zirvəsində, Xudafərin körpüsündə, Şuşa qalasında, Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qayıdışın, qurtuluşun, dirçəlişin real dastanını yazır. Xalqımız Vətənə sevginin, həm də sonsuz, hüdudları olmayan sevginin nümunəsi ilə bəşəriyyəti özünün bütövlüyü, dövlət-xalq, lider-xalq birliyi ilə heyrətləndirir.

Siz bu gün bir lider, dövlət xadimi, sərkərdə, xaqan olaraq təkcə mənsub olduğunuz millətin, Azərbaycanın deyil, Şərqin, türk dünyasının, İslam coğrafiyasının qəhrəmanlıq simvolu, qeyrət, cəsarət, ləyaqət nümunəsisiniz. İndi Sizinlə təkcə yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlı deyil, həm də sinəsinə repressiya, deportasiya dağları çəkilən axısqa türkləri, Krım tatarları, sadəcə Şeyx Şamilin varisi olduqlarına görə incidilən dağlılar, çeçenlər, inquşlar, adıgeylər, balkarlar, İraq türkmənləri, hələ də qan çanağına dönən müsəlman dünyasının əzilən insanları da qürur duyurlar.

Ulu Öndərin dövlət idarəçilik təlimindəki prioritetlərin Sizin tərəfinizdən uğurla davam etdirilməsi, ölkəmizin davamlı və dinamik inkişafı, ümumbəşəri dəyərlərə inteqrasiyası, fərqli sivilizasiyaların qovuşduğu məkana çevrilməsi, 44 günlük Vətən savaşı ilə əldə etdiyiniz zəfərlə təkcə Azərbaycanı deyil, həm də bütövlükdə regionu yeni inkişaf mərhələsinə çıxardınız.

Siz dünyanı dəyişən lider səviyyəsinə ucaldınız. Prezident də olmaq olar, iri-iri dövlətləri idarə etmək də olar. Ancaq Azərbaycanı geopolitik məkanda tutduğu mövqeyinə, Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişmə məkanında yerləşdiyinə, zəngin sərvətlərinə və bioresurslarına görə dünya güc mərkəzlərinin məkirli məqsədlərindən və təhdidlərindən, regionu təhlükə qarşısında qoyan erməni faşizmindən xilas etmək təkcə analitik təfəkkür, intelektual potensial deyil, həm də siyasi iradə və qətiyyət, yüksək hərbi hazırlıq, sonsuz Vətən sevgisi, vətəndaşlıq mövqeyi, vətənpərvərlik hissiləri və bəşəri keyfiyyətlər tələb edir. Daşıdığınız bütün bu yüksək dəyərlər Sizin genetik kodlarınızın dərin məntiqinə söykənir.

60 il həm də Sizin ötüb keçən illərinizin xatirəsidir. Qürurvericidir ki, Sizin məsuliyyət və vicdan, Vətənə sonsuz bağlılıq, millətə dərin sevgi, bəşəri dəyərlərə sədaqət anlayışlarının vəhdətinə söykənən ömür kitabınız mənsub olduğunuz millətin tarixinə sevgi ilə yazılmışdır.

Müzəffər Ali Baş Komandan, Siz Tanrının seçdiyi, sevdiyi, sevərək xalqımıza bəxş etdiyi, nadir tarixi şəxsiyyətsiniz. Bütöv Azərbaycan ideyaları ilə yaşayan və zamanının tanınmış, işıqlı şəxsiyyətlərindən olan Əziz Əliyevin nəvəsi, təkrarsız tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevin övladı və siyasi varisi, Şərqin, türk dünyasının haqq səsi, Qarabağın xilaskarı, Zəfər, Qələbə memarı olaraq dünyaya gəlmisiniz.

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan, Sizinlə fəxr edir, qürur duyuram. Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Sizə, Sizin dəyərli ailənizə, övladlarınıza, nəvələrinizə cansağlığı və uzun ömür arzulayıram. Tanrı Vətən, Azərbaycan xalqı, Turan və Qurani-Kərim müqəddəsliyi naminə böyük və məsuliyyətli, şərəfli misiyanızda Sizə yar və yardımçı olsun.

***

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlidən:

– Cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Şəxsi həyatınızda, siyasi fəaliyyətinizdə və dövlət işlərində Sizə uğurlar arzulayıram.

***

“Qorqud” Partiyasının sədri Firudin Kərimovdan:

– Hörmətli cənab Prezident.

Sizin hakimiyyət dövrünüz çox çətin bir zamana təsadüf edir. Torpaqlarımızın işğal altında olması, siyasi və iqtisadi çətinliklər ümumilikdə Azərbaycanın gələcəyini təhlükə altına almışdı. Eyni zamanda, dünyanın supergüclərinin maraqlarının bizim regionda toqquşması bu təhlükəni bir qədər də artırmışdı.

Bütün bu çətinlikləri dəf etmək siyasi liderdən güclü iradə və qətiyyət tələb edir ki, Siz ilk mərhələdə bu vəzifənin öhdəsindən gəldiniz və torpaqlarımızın azad olunmasında danılmaz rolunuzu oynadınız. İnanırıq ki, Siz gələcək fəaliyyətinizdə də Azərbaycanın xoşbəxt gələcəyi yolunda əzmlə çalışacaqsınız.

Hörmətli cənab Prezident, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Vətənimizin və xalqımızın rifahı uğrunda apardığınız mübarizədə uğurlar arzulayırıq.

***

Milli Demokrat-İdrak Partiyasının sədri Osman Əfəndidən:

– Çox hörmətli Prezident.

Ömrünüzün altmışıncı ilində, bu əlamətdar yubiley günündə Sizi təbrik etməkdən fərəh duyuram. Hər insanın ömür tarixində bir zirvə məqamı olur. Tarixi şəxsiyyətlərdə isə bu məqam xalqın tarixi ilə uzlaşır. Fikrimcə, 60 illik həyatınızda bu tarixi zirvə məqamı Ali Baş Komandanlığınız altında torpaqlarımızın 30 illik işğalına son qoymağa şərəf və şücaətlə nail olmağınızdan ibarətdir.

Bu şərəf məqamı ilə Siz tarixi şəxsiyyət kimi xalqımızın tarixini də şərəfləndirdiniz.

Çox hörmətli Prezidentimiz, altmış illik yubileyiniz mübarək olsun.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevdən

– Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Azərbaycan xalqı Sizi ölkəmizin ağır günlərində, 20 Yanvar qətliamından sonra atanız Heydər Əliyevin Moskvada, Azərbaycanın daimi nümayəndəliyində qırğını törədənləri lənətləyib, cinayətkarların cəzalandırılmasını tələb etdiyi tarixi mətbuat konfransında onunla çiyin-çiyinə dayanan gördü. O gündən xalqımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin əldə olunması və qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda uzun və məşəqqətli bir mücadilə yolu keçdi. Bu yolda Siz də Heydər Əliyevin yaxın silahdaşı kimi onunla birlikdə addımladınız, Heydər Əliyevin liderliyi ilə Azərbaycanın qarşısında dayanan ən böyük problemlərin həllinə yol açacaq enerji strategiyasının müəyyənləşməsi və həyata keçirilməsində mühüm rol oynadınız.

Sizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətiniz, şübhəsiz ki, ölkəmizi mürəkkəb ictimai-siyasi proseslərin içərisindən uğurla keçirərək, Azərbaycan ərazi bütövlüyünün təmin olunmasına nail olmağınızdır. İnanıram ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimiz üzərində suveren hüquqlarımızın tam təmin olunması da məhz Sizin Azərbaycana rəhbərlik etdiyiniz dönəmdə baş verəcək, genişləndirilən hərtərəfli islahatlar nəticəsində Azərbaycan demokratik və inkişaf etmiş ölkələr arasında öz yerini möhkəmlədəcəkdir.

Hörmətli cənab Prezident, Sizin türk dünyasının birliyi istiqamətində göstərdiyiniz səylər də heç zaman unudulmayacaqdır.

Sizi bir daha bu böyük yubiley münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbətlik arzulayır, fəaliyyətinizdə uğurlar diləyirəm.

***

“Azərbaycan Mübarizləri” Partiyasının sədri Səadət Müslümovadan:

– Cənab Prezident.

Mən “Azərbaycan Mübarizləri” Partiyasının sədri kimi həm öz adımdan, həm də partiyamızın bütün üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm.

Güclü siyasətiniz daim xalqımızın rifahı və əmin-amanlığı naminə olmuşdur. Bu da bizi daim qürurlandırmışdır. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində uğurları, habelə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi hər zaman bizi sevindirmişdir. Bütün bu uğurlar Sizin adınızla bağlıdır, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl, daxili və xarici siyasətin ayrılmaz hissəsidir.

Azərbaycan 44 gün ərzində parlaq Qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir və bu, Qələbə tariximizə qızıl hərflərlə yazılmışdır. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, rayonlar, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Azərbaycan xalqı və rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində müasir tariximizin ən şanlı səhifəsini yazdı. Otuz il davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bununla da Azərbaycan bölgədə yeni reallıqlar yaratdı.

Müzəffər Ali Baş Komandan, bütün bu uğurlar Sizin sayənizdə, Sizin düzgün siyasətinizin sayəsində əldə olundu. Bütün zəfərlərinizdən sonra xalqımızı səmimi hisslərinizlə təbrik etdiniz. Uzaqgörən, güclü siyasətinizə görə də Sizi ayrıca təbrik edirəm.

Siz Azərbaycanımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasi kursunu, ideyalarını və prinsiplərini layiqincə yerinə yetirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.

Bir daha Sizi öz adımdan və “Azərbaycan Mübarizləri” Partiyası adından səmimi qəlbdən təbrik edir, Sizə uğurlar arzu edirəm, həyatınızda əmin-amanlıq və firavanlıq diləyirəm. Bütün uğurlar daim Sizin olsun, doğum gününüz mübarək olsun!

***

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdan

– Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın rifahı, ölkəmizin tərəqqisi və müstəqil dövlətimizin gələcəyi naminə yorulmaz və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Siz Heydər Əliyev yolunun müzəffər davamçısı kimi milli maraqlara, bəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyətinizlə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırmışınız. Ölkəmizə rəhbərlik etdiyiniz son 18 il ərzində Azərbaycan hərtərəfli inkişaf və yüksəlişə nail olmuş, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirmiş, müsbət imic qazanaraq öz gücünü artırmış, söz və nüfuz sahibinə çevrilmişdir.

İctimai-siyasi sabitliyin qorunması, demokratik inkişaf yolunda qazanılmış müvəffəqiyyətlər, güclü və müasir ordu quruculuğu sahəsində əldə olunmuş misilsiz nəticələr, milli həmrəyliyin gücləndirilməsi, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi, ölkəmizdə mötəbər tədbirlərin keçirilməsi və digər reallıqlar tarixi nailiyyətlərimizdir.

Prezident və müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması isə çoxəsrlik tariximizin zirvə hadisəsidir.

Tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayan Azərbaycan bu gün dünyada nüfuzlu, müstəqil siyasət həyata keçirən nümunəvi ölkə və regionun lideri kimi qəbul edilir. Ətrafınızda sıx birləşən, siyasətinizi yekdilliklə dəstəkləyən dünya azərbaycanlıları əmindirlər ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə də ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və sevinc dolu uzun ömür arzulayıram.