Home Gündəm Deputat: Son səfərlər göstərir ki, Azərbaycan həm Qərb, həm də Şərq üçün çox...

Deputat: Son səfərlər göstərir ki, Azərbaycan həm Qərb, həm də Şərq üçün çox mühüm tərəfdaşdır

143
0
SHARE

Prezident İlham Əliyevin Bolqarıstan və Çex Respublikasının ardınca, Qırğızıstana və Qazaxıstana səfərləri bir daha göstərdi ki, Azərbaycan həm Qərb, həm də Şərq üçün çox mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilir. Əsas məqsəd ondan ibarətdir ki, bu məsələlərdə Azərbaycan aparıcı dövlət kimi öz sözünü deyir, öz fikrini bildirir. Bu təkcə iqtisadi və yaxud hər hansı logistika və enerji sahəsində deyil, istər təhlükəsizlik baxımından, istərsə də siyasi, mənəvi, mədəni cəhətlərdən bütün sahələrdə öz təsdiqini tapır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.

Deputat bildirib ki, bu gün həm Azərbaycan dövləti, həm də onun Lideri Qərblə Şərq arasında körpü yaradaraq müasir dövrün reallıqları çərçivəsində yeni bir səhifə açır. Bu, artıq görüşlərdə də, danışıqlarda da öz əksini tapır. Prezident İlham Əliyevin məhz Qazaxıstanda çıxışı türkdilli dövlətlər arasında Azərbaycanın Türk dünyasına hansı töhfələr verdiyini bir daha göstərdi. Bu proseslərə mane ola biləcək qüvvələrin qarşısının alınması istiqamətində addımların atılması da əsas məqamlardan biridir.

“Bu gün Azərbaycan böyük nəqliyyat habına, iqtisadi zonaya çevrilir. Çindən Avropaya gedən istənilən yük Azərbaycan ərazisindən keçməklə öz alıcısına daha tez çatır. Yəni, bu gün Azərbaycan Sakit okeandan Xəzər dənizi və Hind okeanı akvatoriyası üzrə vacib əhəmiyyətə malik yolda yerləşir. Ona görə də istər Zəngəzur dəhlizi, istərsə də Ələtdə azad iqtisadi zonanın yaradılması çox böyük əhəmiyyət kəsb edir və bu, bütün Şərq dünyasına da çatdırıldı”, – deyə deputat qeyd edib.

A.Nağıyevin sözlərinə görə, Qırğızıstana və Qazaxıstana səfərlər bir daha göstərdi ki, biz Türk dünyasının bir hissəsiyik, xalqlarımızın soykökü eynidir və bu ölkələr arasında münasibətlərin daha da inkişafı üçün çox ciddi addımlar atılır.

“Bu görüşlər bir daha göstərdi ki, Praqa Sammitində müzakirə olunan məsələlər, yəni, Azərbaycanın öz ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə təhdidin qarşısının alınması istiqamətində atdığı addımların, Ermənistanın təcavüzü və təxribatının həm də Asiya istiqamətində təhlilinə böyük ehtiyac var. Bunu da Prezident İlham Əliyev Astanada keçirilən Sammitdə bir daha göstərdi. Həm Qərbdə, həm də Şərqdə qəbul edirlər ki, Azərbaycanın mövqeyi birmənalı şəkildə təhlükəsizliyin təmin olunmasından, delimitasiya və demarkasiya prosesinin başlanmasından və sonda sülh müqaviləsinin imzalanmasından ibarətdir, – deyə Arzu Nağıyev diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa ölkələrinə, Mərkəzi Asiya dövlətlərinə ardıcıl səfərləri Azərbaycanın dünyada böyük nüfuz qazandığını, bəlli coğrafiyada söz sahibinə çevrildiyini göstərir.